23 Mart 2014 Pazar

Sumqayıtlı trolleybus sürücüsü: "Bizə çoxlu "kağız" verirdilər"


 Əgər yadınızdadırsa, bir neçə gün öncə bloqumuzda «Sumqayıt trolleybusları» adlı yazı yayımlanmışdı. Bu gün isə həmin mövzunun davamı olaraq keçmiş trolleybus sürücülərindən birindən götürdüyümüz müsahibəni təqdim edirik. Müsahibimiz 1983-1998-ci illərdə Sumqayıt şəhərində trolleybus sürücüsü işləmiş Oktay Abbasovdur. 


 - Necə oldu ki, trolleybus sürücüsü kimi işə düzəldiniz? 

 - Mənim atam sürücü işləyirdi, ona görə də bu sənət mənə digər peşələrə nisbətən daha yaxın, tanış idi. 1983-cü ilin əvvəllərində, dəqiq ay tarixi yadımda deyil, o dövrdə Tramvay-Trolleybus idarəsinə müraciət etdim sürücü işi üçün, onlar da mənə kurs oxumaq üçün göndəriş verdilər. Bakıda trolleybus sürücülüyünü öyrənmək üçün 6 aylıq kurs var idi. Oranı bitirəndən sonra, imtahan verib trolleybus sürücülük vəsiqəsi aldım. Sonra da qayda belə idi ki, vəsiqəni alandan sonra 40 gün praktika keçməli idin. Trolleybus sürücüsünün yanında oturmalıydıq, trolleybusun, eləcə də sürücünün işini izləməliydik. O da bizə başa salmalı idi. Bu proseduralardan sonra mən sürücü kimi işə düzəldim. 

 - Trolleybusların iş rejimi necə təşkil edilmişdi?

 - Sürücülər 2 növbə ilə işləyirdilər. Birinci növbənin işi səhər 6-da başlayırdı, günorta saat 2-yə kimi davam edirdi. 2-ci növbə isə günorta 2-də başlayırdı, axşam saat 12-də isə trolleybuslar 8-ci mikrorayondakı parka yollanırdılar və iş yekunlaşırdı. Həftə ərzində də bir gün istirahət günü idi.

 - Bu nəqliyyat vasitəsinə əhalinin münasibəti necə idi?

 - Əvvəllər, yəni Sovet vaxtı çox yaxşı idi. Müstəqillik gələndən, kapitalizm dövrü başlayandan sonra, əhalinin münasibəti də, elə bil mənfiyə doğru dəyişdi. Məsələn, əvvəllər xüsusi kütlələr var idi ki, ancaq trolleybusdan istifadə edirdilər. Çünki, təhlükəsiz nəqliyyat vasitəsi idi. Sonradan nəsə müştəri sayı kəskin azaldı, cəmiyyət trolleybusu bəyənməməyə başladı.

 - Bunun səbəbi nə idi?

 - İnsanların kaprizləri çoxalmışdı. Həm də trolleybuslar baxımsız olmuşdu. Yəni ki, bu işdə hər iki tərəfin günahı vardı. Əhalinin də, trolleybusun da.


 - Trolleybusun sərnişindaşımada önəmi nə dərəcədə idi?

 - Trolleybuslar əsasən işçi qüvvəsini daşıyırdı. Əvvəllər çox adam trolleybusdan istifadə edirdi. Çünki həm qiyməti ucuz idi, həm də mənzil başına təhlükəsiz gedib çata bilirdin. Trolleybus həm də ekoloji baxımdan çox sərfəli idi. Sumqayıtın havasını da ki siz məndən yaxşı bilirsiz. Bu baxımdan trolleybusun xüsusi önəmi vardı. 

 - Sürücülərə nə qədər maaş verilirdi?

 - Əvvəllər hər şey qrafiklə, bir qaydayla idi. Sovet imperiyası dağılana, ölkə üçün "ağır dövrlər" gələnə kimi hər şey yaxşı idi. Sovet pulu ilə 300-400 manat maaş verilirdi. Bu da o dövr üçün yaxşı maaş sayılırdı. Sonradan 90-cı illərdə həmin pul da dəyərdən düşdü, yenə eyni maaşı alırdıq amma çox az dəyəri vardı. Yadımdadır ki, maaşı almağa yekə bir çantayla gedirdik, bizə çoxlu "kağız" verirdilər.

 - Nə qədər işçi çalışırdı trolleybus parkında?

 - Dəqiq yadımda deyil, amma təxmini 100 sürücü var idi. Ümumilikdə parkın 200 işçisi olardı. Çilingərlər var idi, idarə işçiləri və s.

 - Hansı markalı trolleybuslar işləyirdi? Trolleybusların təmirinə, baxımına nəzarət necə idi?

 - Mən işləyən dövrlərdə əvvəlcə «ZiU-5» markalı ikiqapılı trolleybuslar idi. Sonradan 80-ci illərdə «ZiU-9»ları gətirdilər. Əvvəllər trolleybus xarab olurdusa, parkda tez bir vaxtda təmir edib, xəttə qaytarırdılar. Bunun üçün xüsusi bu işi öyrənmiş çilingərlər işləyirdi. Sonradan bu qayda da get-gedə itdi.

 - Trolleybusların iş rejimi ilə bağlı önəmli bir hadisə olmuşdumu?

 - İş qrafikində elə bir dəyişiklik olmasa da, «20 Yanvar» hadisələri vaxtı bir neçə gün pulsuz işləmişdik.

Trolleybus parkının işçiləri «20 Yanvar»ı anarkən
 - Neçənci ildə çıxdınız işdən? Buna səbəb nə idi?

 - 1998-ci ildə çıxdım işdən. Səbəb o idi ki, trolleybusda işləmək çox çətinləşmişdi. Həm də ki, gəliri çox aşağı idi. Sovet imperiyası dağılandan sonra, trolleybus da dağılmağa başladı. İlk illərdə yenə birtəhər özünü saxlayırdı. Amma bu axıra kimi mümkün olmadı. Çünki bizə ehtiyyat hissələri, digər vacib olan şeylər Rusiyadan gətirilirdi. Get-gedə ehtiyyat hissələri də tükənməyə başladı, həm də elektrik verilməsində tez-tez fasilələr olurdu. Trolleybuslar da gündən-günə daha da bərbad vəziyyətə düşürdü. Trolleybus xarab olurdu, ehtiyyat hissəsi Azərbaycanda tapılmırdı, başqa bir yararsız olan trolleybusdan çıxardıb düzəldirdik. 90-cı illərdə zibilliklərdə təkər axtardığımız vaxtlar var idi. Nə vaxt ki, elə parkın içindəki sınıq-salxaq ehtiyyat hissələri tükəndi vəziyyət əvvəlkindən də pis oldu. İşçilər də yavaş-yavaş dağılışmağa başladı. Elə o dövrlərdə də mən çıxdım işdən. Mən çıxandan 5-6 il sonra da trolleybus işlədi. Dəqiq ili yadımda deyil, amma, 2000-lərin ortalarında birdəfəlik yoxa çıxdılar. Hərdən trolleybus parkı tərəfdən keçəndə, trolleybuslara baxırdım, hər dəfə biri yoxa çıxırdı; verirdilər metalloma. 

 - Bəs sürücülər, digər işçilərin aqibəti necə oldu?

 - Qul bazarından mal bazarına kimi gedən oldu (rişxəndlə gülür). Hərə bir tərəfə dağıldı. Qul bazarında dayanan kim, rayona gedən kim, Rusiyaya gedən, bazarda araba sürən və s. Özümsə 1998-ci ildə işdən çıxandan sonra bir müddət işsiz qaldım, sonra Bakıda marşrutların birinə sürücü düzəldim. Hal-hazırda isə tikinti şirkətlərindən birində sürücü işləyirəm.

 - Sizcə, Sumqayıta yenidən trolleybus lazımdırmı?

 - Məncə, bu yenidən olsa belə əvvəlki kimi effektli olmaz. Çünki şəhərdə maşın sayı çoxalıb, hərəkət sıxlaşıb. Amma, təhlükəsizlik və ekoloji təmizlik baxımından trolleybus həmişə önəmini saxlayacaq.


Müsahibəni aldı: Samir Abbasov 
Trolleybus parkının işçiləri iməcilikdə
Trolleybus parkının işçiləri iməcilikdə
 
Trolleybus sürücüləri park ərazisində, 1997-ci il

17 Mart 2014 Pazartesi

Sumqayıt trolleybusları

«ZiU-682» trolleybusu, Sumqayıt, 2006-cı il

 Sovetlərin iri sənaye şəhərlərindən biri olan Sumqayıtın günü-gündən inkişaf etməsi, yeni-yeni məhəllə və mikrorayonların salınması özü ilə birgə bir sıra problemlər gətirirdi. Bu problemlərdən biri də sərnişindaşıma idi. Bu problemi avtobus və tramvaylar şəhərin müəyyən hissəsi üçün aradan qaldırmağa çalışsa da, digər yeni yaranan məhəllə və mikrorayonlarda bu problem tam aradan qalxmırdı.

«MTB-82» trolleybusu, Sumqayıt, 60-70-ci illər
«MTB-82» trolleybusu, Sumqayıt, 60-cı illər

 Beləliklə də, bu problemin aradan qaldırılması üçün yeni trolleybus xətlərinin çəkilməsi qərara alındı. Bir neçə illik zəhmətdən sonra Azərbaycanda Sovet hakimiyyətinin qurulması kimi o dövr üçün əlamətdar olan bir gündə, yəni 28 aprel 1961-ci il tarixində Sumqayıtda ilk trolleybus xətti şəhər sakinlərinin istifadəsinə verildi. İlk vaxtlar bir neçə marşrut xətti fəaliyyət göstərsə də, sonrakı illərdə marşrutların sayı 8-ə, trolleybus xəttinin uzunluğu isə 48.9 km-ə çatdırıldı.

Sumqayıt tramvay və trolleybus xətlərinin müfəssəl xəritəsi
Yolda qalmış «ZiU-9» trolleybusu, Sumqayıt, 2004-cü il

 İlk dövrlərdə Sovet istehsalı «MTB-82» («Тушинский машиностроительный завод») markalı trolleybuslar xəttə buraxılsa da, sonrakı dövrlərdə «ZiU-5» («Завод имени Урицкого»), Çexoslovakiya istehsalı «Škoda 9Tr» markalı trolleybuslar xəttə buraxıldı. Trolleybus parkının sonuncu yenilənməsi isə 80-ci illərin sonlarında baş tutdu. Bu dəfə Sumqayıt sakinlərinin istifadəsinə «ZiU-9» (eyni zamanda «ZiU-682» adlanır) trolleybusları verildi.

Sərnişinlərini gözləyən 6 №-li «ZiU-9», Mərkəzi Bazar

 Sumqayıt sakinlərinin yaddaşında əsas yer tutan da məhz sonuncu «ZiU-9» trolleybuslardır, çünki «ZiU-9»lar 20 ilə yaxın bir müddətdə şəhər sakinlərinə xidmət etdi. Bu müddətdə bir neçə «ZiU-9»lar istifadəyə yararsız hala düşsə də, bəzi «ZiU-9»lar sonuncu günə kimi şəhərdə göründü. «ZiU-9»ların sonuncu dəfə 2000-ci ilin önlərində əsaslı təmirdən çıxmasına baxmayaraq, sonralar təmirdən çıxmış trolleybuslar da bir neçə illik fəalliyyətdən sonra xətdən çıxarıldı. Bununla da, 2006-ci ilin yanvar ayının 1-də Sumqayıt şəhərində elektriklə işləyən sonuncu nəqliyyat vasitəsi olan trolleybusların fəaliyyətinə son verildi. Bundan öncə, 90-cı illərdə bir neçə dəfə trolleybusların fəaliyyəti dayandırılsa da, bunlar müvəqqəti xarakter daşıyırdı.

6 №-li «ZiU-9» trolleybusu Mərkəzi Bazar ərazisində

 Sumqayıt trolleybuslarının sonuncu marşrut xətti isə «Mərkəzi Bazar - 17-ci mikrorayon» istiqamətində hərəkət edən 6 №-li marşrut xətti idi. Buna kimi isə digər marşrut xətləri zaman-zaman sıradan çıxmış, həmin xətlərin "sağ qalan" trolleybusları isə 6 №-li xətdə toplanmışdı.

Trolleybus parkında yatan "işsiz" «ZiU-9» trolleybusu, 2006-cı il



  Sumqayıtdakı sonuncu ekoloji nəqliyyat vasitəsi olan trolleybuslar fəaliyyətini dayandırdıqdan bir müddət sonra istifadəsiz qalan trolleybuslar mettalloma, elektrik xətləri isə satılmaq üçün müvafiq yerlərə göndərildi. Hal-hazırda Sumqayıt Trolleybus Parkında inzibati tikililərdən başqa heç bir şey yoxdur və son bir neçə ildir ki, park ərazisində kənd təsərrüfatı məhsullarının satış yarmarkası keçirilir.


İstifadəyə yararsız trolleybuslar, Sumqayıt, 2006-cı il
İstifadəyə yararsız trolleybuslar, Sumqayıt, may ayı 2003-cü il
Sumqayıtda trolleybus xətlərinin izləri, 2014-cü il
Trolleybussuz Sumqayıt Trolleybus Parkı

 Qeyd edək ki, yazıda istifadə olunan fotoların müəllifləri Marcin Stiasny, Aare Olander, Konstantin Klimov kimi polşalı, rusiyalı fotoqraflardır.



P.S Dünən trolleybus parkı ərazisində çəkiliş aparmağa gedən bloq idarəçilərindən birinə çəkilişə icazə verilməyib.

14 Mart 2014 Cuma

"Əhli Sumqayıt" bloqunun təqdimat mərasimi

  Uzun zamandır Sumqayıtla bağlı bloq açmaq fikri beynimizdə dolaşsa da, müxtəlif xırda səbəblərə görə bloqun açılması bu gün, yəni 2014-cü ilin mart ayının 13-dən 14-nə keçən gecə baş tutdu. Daha dəqiqini desək, «Əhli Sumqayıt» adlı bloq 14 mart 2014-cü il tarixində şəhər sakinlərinin istifadəsinə verilmişdir.

 Bloqun ad seçiminə gəldikdə isə öncə onu bildirmək istəyirik ki, «Sumqayıt Camaatı»«Əhli Sumqayıt» seçimi qarşısında qalsaq da, «Əhli Sumqayıt» adına üstünlük verdik. Buna səbəb kimi beynəlxalq aləmdə terror təşkilatı kimi tanınan «Sumqayıt Camaatı» adlı camaatlığın olması və buna görə də ad plagiatlığı etmək istəməməyimizdir. Beləliklə bu və "bu zordur" kimi səbəblərdən yekun qərara gəldik ki, bloqun adı «Ahli Sumgait» («Əhli Sumqayıt») olsun.


 "Bu bloq niyə açılıb? Məqsəd və məramı nədir?" kimi suallar sizin kimi bizi də düşündürdü. Bloqun açılmasının əsas səbəbi Sumqayıtı və Sumqayıt həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq və bununla da onlarda Sumqayıt haqqında təsəvvür yaratmaqdır.

  
 Bloqda nələr olacaq? 
Bloqda hər şey olacaq desək, sizi aldadarıq. Çünki inanmırıq ki, kulinariya və şou-biznes xəbərlərinə aid nəsə olsun. Yenə də bilmək olmaz taleyin işini. Amma qəti əminliklə demək olar ki, bloqu Sumqayıtın vikipediyasına çevirmək üçün bacardığımız qədər çalışacağıq. Təbii ki, bu önəmli və önəmli olduğu qədər də bir o qədər məsuliyyətli işdə sizlərin də dəstəyinizə ehtiyacımız var. Hələlik mənəvi dəstək ola bilərsiniz. 


Son söz olaraq nə deyə bilərik? 
El-obaya xeyirli olsun.


Hörmətlə;
«Əhli Sumqayıt» bloqunun idarə heyəti